Azərbaycan və Avropanın idman ictimaiyyəti üçün tarixi bir an olan və dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin təşkil etdiyi bu mərasim müxtəlif yönləri ilə kreativ, ruhlandırıcı və yaddaqalan oldu.
Mərasimdə ənənəvi və müasir Azərbaycan mədəniyyətinin birliyi tamaşaçıların diqqətinə çatdırıldı. Tədbirin transformasiya hissəsində üç nəhəng heykəl səhnədə müşahidə olunmağa başlandı. Bu səhnəciyin sonunda Qız qalasının divarları aralandı və onun içərisində Alov qüllələri peyda oldu. Bununla da tamaşaçılar keçmişin müasir dövrü necə formalaşdırdığının və gələcəyə hansı təsirdə təsir göstərdiyinin şahidi oldular.
Sonra idmançılar kütləvi şəkildə stadiona daxil oldular. Mərkəzi səhnə ətrafında addımlayaraq tribunalarda onlar üçün xüsusi ayrılmış yerlərə keçdilər. Məlumat üçün bildirək ki, 17 gün davam edən yarışlarda 6 mindən çox idmançı 253 medal dəsti uğrunda mübarizə apardı. Medal cədvəlində ilk üç sırada Rusiya, Azərbaycan və Böyük Britaniya qərarlaşdı.
Daha sonra Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qonaqları salamladı və tədbirin açılış nitqini söylədi. İri miqyaslı idman tədbirinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirən Mehriban Əliyeva birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən qürür hissi duyduğunu dedi:
– Biz ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən fərəhlənirik. Qürur hissi duyuruq ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi cəmi iki il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbirini keçirdi.
Daha sonra çıxış edən Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki yarışların yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi:
Mərasimin təşkilində əksəriyyəti azərbaycanlılardan ibarət 1600-dan çox könüllü iştirak edib. Eyni zamanda 17 ölkədən də könüllülər bu işə cəlb olunub. Bu tədbirin ərsəyə gəlməsi istiqamətində könüllülər 400 dəfədən çox məşq ediblər.
Mərasimin təşkilinə 28 ölkədən 300 nəfərdən çox yaradıcı heyət və 34 ölkədən müxtəlif sahələrdə ixtisaslaşmış 1000 mütəxəssis cəlb olunub.